XIX əsrin sonu XX əsrin əvvəlləri nəqliyyat sisteminin formalaşması, xüsusiylə də, dəmir yollarının yaranması dövrüdür. Kapitalizmin inkişafıyla bərabər sənayedə yaranan yeniliklər dəmir yollarının çəkilməsini zəruriləşdirdi. Azərbaycanda dəmir yollarının inşası Bakı nefti ilə bağlıdır.

1878-ci ilin sonlarında, uzunluğu 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun inşası başladı. 1880-ci il yanvarın 20-sində dəmir yolunun açılışı keçirildi. Məhz həmin gün Azərbaycanda ilk dəfə dəmir yolu xətti istifadəyə verildi. Dəmir yolu ilə həyata keçirilən yükdaşımalarına olan tələbat bu sahənin daha da təkminləşməsinə təkan verdi.

Birinci Dünya müharibəsi Bakıdakı neft sənayesinə ciddi zərbə endirdi. Müharibənin mənfi təsiri dəmir yollarından da, yan keçmədi. 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin apardığı ilk islahatlardan biri də, Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyinin yaradılması idi.

İkinci Dünya müharibəsi illərində dəmiryolu

Gündən-günə təkminləşən dəmir yolları İkinci Dünya müharibəsi illərində də, öz töhfəsini verdi. 4 il ərzində Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. Çox məşəqqətli bir zamanda ölkənin xilaskarına çevrilən dəmir yollarına tələbat bu sahənin inkişafının vacibliyini bir daha təsdiq etdi.

1979-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Ağdam-Xankəndi dəmir yolunun inşası başlandı. Dağlıq Qarabağın bölgədə inkişafını daha da artırmaq məqsədiylə atılan addım xüsusi əhəmiyyətə sahibdir. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması Qarabağın Bakı ilə olan əlaqəsini daha da gücləndirməklə yanaşı, Qarabağın sosial-iqtisadi və mədəni inkişafını sürətləndirdi. 1990-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edildi, dəmir yolu təsərrüfatına külli miqdarda ziyan vuruldu.

44 gün davam edən Vətən Müharibəsində düşmənə və dünyaya sahib olduğumuz gücü göstərdik. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib. Hazırda ölkə ərazisində dəmir yollarının açılmış uzunluğu 2955,74 km təşkil edir. Nəqliyyat sistemində aparılan islahatlar ölkəmiz üçün həm iqtisadi, həm də coğrafi əhəmiyyət daşıyır.

Ölkə başçısı İlham Əliyevin dəstəyi ilə dəmir yolu daşımalarında islahatlar aparılır, yeni layihələr həyata keçirilir. Şirkətimiz, logistika və nəqliyyat sahəsində yaranan bu imkanlardan maksimum yararlanaraq fəaliyyətə göstərir. Məramımız sahib olduğumuz tarixi irslə Avropa, Orta Asiya, Xəzər və Qara dəniz, eləcə də, Yaxın və Uzaq Şərq regionlarında yükdaşıma xidmətlərini təşkil etməkdir. Təqdim etdiyimiz uyğun tariflər əsasında sərfəli və güvənilir daşınmanı gerçəkləşdirərək, qitələr arasında yükdaşıma həcmini artıracağıq.