Orta Dəhliz üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi məqsədilə dəhliz üzərində yerləşən ölkələr arasında Vahid Tranzit Portalının yaradılması planlaşdırılır. Bu portal dəhliz boyu yükdaşımaların beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə, tranzit prosedurlarının asanlaşdırılmasına və elektron məlumat mübadiləsinin təşkilinə şərait yaradacaq.
Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit gömrük proseduru layihəsi üzrə müzakirələrin aparılması planlaşdırılır.
“Dəniz nəqliyyatı ilə gömrük ərazisinə gətirilən və tranzit daşınması dəmir yolu nəqliyyatı ilə davam etdirilən konteynerləşdirilmiş malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı gömrük bəyanetməsi konteynerin yüklənəcəyi dəmir yolu platformasının nömrəsi əsasında həyata keçirilirdi. Dəmir yolu platforması nömrəsinin müəyyən olunması vaxt itkisinə səbəb olduğundan gömrük bəyanetməsinin konteyner nömrəsi əsasında həyata keçirilməsi və konteynerlərin gömrük ərazisinə gətirilməzdən əvvəl bəyan edilməsinə şərait yaradılması məqsədilə “Mallar beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərkən gömrük bəyannamələrinin doldurulmasına dair Metodiki Tövsiyə”də dəyişiklik edilib”, – Gömrük Komitəsinin cavabında deyilir.